Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mastail kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

29 noyabr 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Mastail kəndində Mastail, Livədirqə, Murya, Əvilə və Nısomurya kəndindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev iştirak edirdi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Livədirqə ərazisində görüşürük.
Görüş-qəbulların keçirilməsində əsas məqsəd bilavasitə yerlərdə olan problemləri öyrənmək və mövcud problemlərin aradan qaldırılmasına nail olmaqdır. Bu gün sizlərlə görüşümüz həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Aidiyyəti idarə, hüquq mühafizə orqanlarının rəhbərləri də burada iştirak edir. Ona görə də  sizi narahat edən problemləri səsləndirin, rəy və təkliflərinizi bildirin.
Cənab Prezident İlham Əliyevin yürütdüyü məntiqli, düşünülmüş siyasəti nəticəsində ölkəmizin gündən günə inkişaf etdiyini vurğulayan natiq uğurla icra edilən Dövlət Proqramları çərçivəsində rayonumuzda görülən işlər barədə məlumat verdi.
Cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq ölkəmizin digər rayonları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi.  Ötən müddət ərzində rayonumuzun inkişafı üçün çox vacib olan Noda-Şingədulan-Xanagah və Lerik-Qosmalıan-Kəlvəz, Piran-Hamarat-Vijaker avtomobilinin yolunun tikintisi başa çatdırılmış, əhalimizin istifadəsinə verilmişdir. Bu il həmçinin cənab Prezidentin sərəncamı ilə Lənkəran-Lerik magistral yolu da təmir edilərək əhalinin həm Bakı şəhərinə həm də digər qonşu rayonlara gəliş-gedişi asanlaşmışdır.
Livədirqə ərazisində görülən işlər, ərazinin tam qazlaşdırılması və telefonlaşdırılması, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Livədirqə və Əvilə kəndlərində yeni məktəb binalarının inşa edilməsi, ərazinin kəndara avtomobil yollarının vaxtaşırı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində körpülərin tikilməsi və digər sosial obyektlərin inşa edilməsi barədə məlumat verdi.
Son illər rayon mərkəzi ilə yanaşı, ucqar dağ kəndlərimizdə də 50-yə yaxın yeni məktəb binalarının tikildiyini, 50-yə yaxın kəndə qaz xəttinin çəkildiyini, 12 kənddə elektrik xətlərinin sipp kabelə əvəzləndiyini, kəndara yollarının təmir edildiyini, bir neçə kəndimizin yoluna asfalt döşəndiyini qeyd etdi. Bu il cənab Prezidentin müvafiq sərəncamları ilə rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Veri kəndinə qaz xəttinin çəkilməsi, kəndara yolların təmir edilməsi, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını qeyd edən natiq cənab Prezidentin rayonumuza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
Cənab Prezidentin rayonumuza tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması, Lerik şəhərində 48 mənzilli binanın və Orand kəndində yeni məktəb tikintisinə vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verdiyini vurğuladı.   
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Abbas Zaidov, Adil Rzayev, Əlirza Kərimov, Elşən Cəfərov, Balaşirin Nəsirov, Fəxrəddin Əliyev, Avdıl Ramazanov və digərləri çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə ucqar dağ rayonu olan Lerikdə son illər aparılan tikinti-quruculuq və abadlıq işləri, ərazilərin qazlaşdırılması, avtomobil yollarının asfaltlaşdırılması, yeni məktəb, səhiyyə, uşaq bağçaları və digər sosial obyektlərin tikildiyini qeyd etdilər və ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Mastail və Murya kəndlərində içməli su probleminin həllinə, Mastail kənd məktəbinin internet şəbəkəsinə qoşulmasına, məktəbin ərazisində məktəblilər üçün futbol meydançasının tikintisinə və məktəbin elektrik transformatorunun şəbəkəyə qoşulmasına, Əvilə kəndi ilə Livədirqə kəndini birləşdirən avtomobil yolunun çaydan keçən ərazisində körpünün inşa edilməsinə, Lerik-Mastail-Livədirqə avtomobil yolunun Noda-Şingədulan-Xanagah magistral avtomobil yoluna birləşdirilməsinə və yolun asfaltlaşdırılmasına, Mastail kəndində xəstəxananın açılmasına, ərazidə elektrik xətlərinin təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev çıxış edərək öncə görüş iştirakçılarını salamladı. Bildirdi ki, görüşdə aktivlik etdiyinizə görə sizlərə təşəkkür edirəm. Sizlər tərəfdən qaldırılan problemlərin əksəriyyəti ictimai məsələlərdir. Cənab Prezidentin qeyd etdiyi kimi ictimai nəzarətin güclü olması vətəndaşların rifah halının daha da yaxşılaşmasına və respublikamızın inkişafına öz töhfəsini verir. Lerik rayonunda olduğu kimi bu ərazidə də böyük işlər görüldüyünü, ərazinin tam qazlaşdırıldığını, yeni məktəb binalarının, həkim məntəqəsinin tikildiyini qeyd etdi. Bildirdi ki, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunmaqdan ötrü müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməklə həllinə nail olunacaqdır.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər