Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Piran kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

11 oktyabr 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Piran kəndində Piran, Zərigüməco və Qışlaq kəndindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev iştirak edirdi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Piran ərazisində görüşürük.
Görüş-qəbulların keçirilməsində əsas məqsəd bilavasitə yerlərdə olan problemləri öyrənmək və mövcud problemlərin aradan qaldırılmasına nail olmaqdır. Bu gün sizlərlə görüşümüz həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Aidiyyəti idarə, hüquq mühafizə orqanlarının rəhbərləri də burada iştirak edir. Ona görə də  sizi narahat edən problemləri səsləndirin, rəy və təkliflərinizi bildirin.
Cənab Prezident İlham Əliyevin yürütdüyü məntiqli düşünülmüş siyasəti nəticəsində ölkəmizin gündən günə inkişaf etdiyini vurğulayan natiq uğurla icra edilən Dövlət Proqramları nəticəsində rayonumuzda görülən işlər barədə məlumat verdi.
Bildirdi ki, cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsi təşkil edir. Bu gün ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi islahatlar rayonumuzun da inkişafına ciddi təsir göstərmişdir. Son 15 il ərzində ölkəmizin digər rayonları kimi, Lerik rayonu da günü-gündən çiçəklənir, abadlaşır. Ötən müddət ərzində rayonumuzun inkişafı üçün çox vacib olan Noda-Şingədulan-Xanagah və Lerik-Qosmalıan-Kələxan bu il isə sizlərin də istifadə etdiyiniz Piran-Hamarat-Vijaker avtomobilinin yolunun tikintisi başa çatdırılmışdır. Bu il həmçinin cənab Prezidentin sərəncamı ilə Lənkəran-Lerik magistral yolu da təmir edilərək əhalinin həm Bakı şəhərinə həm də digər qonşu rayonlara gəliş-gedişi asanlaşmışdır. Bundan əlavə rayonumuzda 50-dən çox məktəb binası, 3 uşaq bağçası tikilmiş, 50-yə yaxın kəndimiz mavi qaz təmin olunmuş, 35 kvt modul stansiyası qurulmuş, suya ehtiyacı olan kəndlərin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə bir neçə kəndimizdə artezian quyularının qazılması, yaşayış məntəqələrinə su xətlərinin çəkilmişdir. Həmçinin kəndlərimizdə 10 yeni modul tipli məktəb binasının tikilməsi, Veri kəndinə qaz xəttinin çəkilməsi, kəndara yolların təmir edilməsi, Lerik şəhərinə alternativ və Şingədulan, Molalan, Sors və Geckon kəndlərinə su xəttinin çəkilməsi cənab Prezidentin rayonumuza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Əbutalıb Cəbiyev, Afət Quliyev, Mirdamət Hümbətov, Mirağa Piriyev, Aydın Ağayev və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazidə içməli su probleminin həllinə, Qışlaq kəndinin qazlaşdırılmasına və internet şəbəkəsinə qoşulmasına, Piran kəndində piyada körpüsünün tikintisinə, Piran kəndi ərazisindən axan çayda sahil-bərkitmə işlərinin aparılmasına, bəndin tikilməsinə, Lənkəran-Lerik avtomobil yolunun Piran kəndindən keçən hissəsində piyada səkisinin salınmasına, ərazidə elektrik xətlərinin təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev çıxış edərək öncə görüş iştirakçılarını salamladı. Bildirdi ki, görüşdə aktivlik etdiyinizə görə sizlərə təşəkkür edirəm. Sizlər tərəfdən qaldırılan problemlərin əksəriyyəti ictimai məsələlərdir. Cənab Prezidentin qeyd etdiyi kimi ictimai nəzarətin güclü olması  vətəndaşların rifah halının daha da yaxşılaşmasına və respublikamızın inkişafına öz töhfəsini verir. Lerik rayonunda olduğu kimi bu ərazidə də böyük işlər görüldüyünü, ərazinin 2 kəndinə qaz xətti çəkildiyini, yeni məktəb binalarının, həkim məntəqəsinin tikildiyini və avtomobil yollarının asfaltlaşdırıldığını qeyd etdi. Bildirdi ki, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunmaqdan ötrü müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməklə həllinə nail olunacaqdır.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər