Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ordudan yeni tərxis olunmuş gənclərlə görüş keçirildi

19 iyul 2017 | 16:00

2017-ci il iyulun 19-da Lerik şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından yeni tərxis olunmuş bir qrup gənclə görüş keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, əsgər valideynləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
İlk öncə tədbir iştirakçıları ümummilli lider, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər və Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara tanış oldular.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev hərbi xidmətdən tərxis olunmuş gəncləri xidmətlərini şərəflə başa vurmaları münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq çağırışçıların həqiqi hərbi xidmətə yola salınması və hərbi xidmətdən tərxis olunmuş gənclərin qarşılanması mərasimlərinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi artıq ənənə halını almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi istiqamətindəki gərgin və səmərəli fəaliyyəti öz bəhrəsini verməkdədir və bütün Azərbaycan xalqı cənab Prezidentin bu səylərini qətiyyətlə dəstəkləyir. Bu gün ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
2016-cı il aprelin 2-dən 5-dək Ermənsitan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərgin hadisələr, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatçı əməllərinin qarşısının alınması və onlara sarsıdıcı zərbənin endirilməsi hər bir vətəndaşda böyük qürur hissi oyatdığını vurğuladı. Prezident cənab İlham Əliyevin qətiyyətli addımları, yüksək döyüş hazırlığı ilə seçilən Silahlı Qüvvələrimizin qələbəsi xalqımızın inamını daha da artırmış, tükənməz vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olmuşdur.
Hərb tariximizə qızıl hərflərlə yazılmış ötənilki aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi üçün mövcud təhlükə aradan qaldırıldı. Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq həmin kənddə tikinti-bərpa və abadlıq-quruculuq işləri, zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Artıq kənd sakinlərinin öz doğma yurdlarına qayıdışına start verilmişdir. Bu, işğal edilmiş ərazilərdən olan məcburi köçkünlərin böyük qayıdışının başlanğıcıdır. Azərbaycan xalqı əmindir ki, dövlətimizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək, digər məcburi köçkünlər də öz doğma yurdlarına qayıdacaqlar.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev, aprel döyüşlərinin iştirakçısı Sadiq Nəsirov, hərbi xidmətdən yeni tərxis olunmuş Rəsul Rzayev, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, YAP rayon təşkilatının sədr müavini Elxan Qənbərov, Qarabağ müharibəsi iştirakçısı Cəlal Məmiyev, “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı gəncləri bu şərəfli missiyanı uğurla başa vurduqlarına görə təbrik edərək gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Silahlı Qüvvələrimizin rolundan və hərbi qüdrətindən söz açdılar. Bildirildi ki, Vətənə xidmət etmək həm müqəddəs, həm də çox məsuliyyətli vəzifədir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Şanlı aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumların qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və düşmənə sarsıdıcı zərbə endirilməsi bunun əyani sübutudur. Bu qələbə bütün dünyaya göstərdi ki, Milli Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır.
Daha sonra “Gənc Heydərçilər”in ifasında Vətənə, Milli Ordumuza həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirin sonunda ordu sıralarından tərxis olunmuş gənclərə Lerik Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi adından hədiyyələr təqdim edildi.

Keçidlər