Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikli alim Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçildi

04 may 2017 | 16:00

     Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin seçkilərlə bağlı 2 may 2017-ci il tarixli ümumi yığıncağının qərarına əsasən Əminağa Bəhmən oğlu Sadıqov Akademiyanın müxbir üzvü seçilmişdir.
     Lerik Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyəti Əminağa Sadıqovu təbrik edir, Azərbaycan elminin inkişafındakı xidmətlərində uğurlar və müvəffəqiyyətlər arzulayırlar.
     Sadıqov Əminağa Bəhmən oğlu 18 dekabr 1962-ci ildə Lerik rayonunun Blaband kəndində fəhlə ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Blaband kənd orta məktəbinin 8-ci sinfini, 1980-cı ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta internat məktəbini, 1985-ci ildə isə Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirmişdir. 1992-ci ildə həmin Universitetdə “Əks əyriliyi olan mürəkkəb çoxtəbəqəli silindrik örtüklərin rəqsləri və dayanıqlılığı” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün modellər və texnologiyalar” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə “Kompüter elmləri” ixtisası üzrə dosent, 2016-cı ildə isə “Kompüter elmləri” ixtisası üzrə professor elmi adını almışdır. 
     Ə.B.Sadıqov əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda başlamışdır. 1988-ci ildən AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatında elmi katib, 1998-ci ildən AMEA Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəisi, 2013-cü ildən Elmi-Təşkilat İdarəsinin rəisi, 2015-ci ildən isə AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin rəisidir. 1997-ci ildən əvəzçiliklə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda elmi fəaliyyətlə məşğuldur. Hazırda həmin institutda laboratoriya müdiri vəzifəsində işləyir. İctimai əsaslarla İdarəetmə Sistemləri İnstitutunda D01.121- Disser-tasiya şurasının üzvü, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi katibi, AMEA elmi müəssisələrinin direktorları şurasının məsul katibi, Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, Milli Məclisin Elm və Təhsil Komitəsinin işçi qrupunun üzvü, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının İntellektual mül-kiyyətin qorunması və texnologiyaların ötürülməsi üzrə Məsləhət Şurasının üzvü (Kiyev), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmşünaslıq üzrə Elmi Şurasının üzvü (Kiyev), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə işçi qrupunun üzvü, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertidir.
     Ə.B.Sadıqov “Elm haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycanda Elmin İnkişaf Strategiyasının və Dövlət Proqramının, Elmin İnkişaf Doktrinasının, elm və təhsil sferası ilə bağlı çoxsaylı normativ-hüquqi sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir. O, həmçinin bir sıra dövlət əhəmiyyətli tədbirlərin təşkilində və həyata keçirilməsində yaxından iştirak etmişdir.
     Ə.B.Sadıqov 117 elmi əsərin, o cümlədən, 3 monoqrafiyanın4 kitabın, habelə 1 patentin və 2 ixtiranın müəllifidir. Elmi əsərlərinin 61-i xaricdə, o cümlədən, 12-si beynəlxalq nüfuzlu bazalarda indeksləşən jurnallarda dərc olunmuşdur və elmi əsərlərinə olan istinadların sayı 36-dan çoxdur. O, 2 qrant layihəsində rəhbər, 6 qrant layihəsində icraçı olmuşdur. Hazırda İdarəetmə Sistemləri İnstitutunda elmi-tədqiqat mövzusuna rəhbərlik edir.
Ə.B.Sadıqov 1 doktorantın elmi məsləhətçisi, 5 doktorantın elmi rəhbəridir.
     Ə.B.Sadıqov 3 il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 20 il İdarəetmə Sistemləri İnstitutunda elmi fəaliyyətlə, 8 il universitetlərdə assistent, dosent və professor kimi  elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
     Ə.B.Sadıqov dünyanın 40-a yaxın ölkəsində keçirilmiş 60-dan çox mötəbər beynəlxalq tədbirdə Azərbaycan Respublikasını və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil etmişdir. Müxtəlif ölkələrdə, o cümlədən, Amerika Birləşmiş Ştatlarında, İsraildə, Malayziyada, Almaniyada, Yunanıstanda və s. elm, texnologiya və idarəetməyə dair ixtisaslaşmış kurslarda, treninqlərdə iştirak etmiş və müvafiq sertifikatlar almışdır. 
     Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ə.Sadıqov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi”medalı ilə təltif olunmuşdur. Səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə 3 dəfə AMEA-nın Fəxri Fərmanıilə, Ukrayna Milli Elmlər Akademiyası prezidentinin təqdimatına əsasən “Zolotaya Fortuna” Beynəlxalq Reytinq Akademiyasının “Честь, Слава, Труд” medalı ilə təltif olunmuşdur.
  Ə.B.Sadıqov 1980-ci ildə fizika fənni üzrə məktəblilərin respublika olimpiadasının qalibi olmuş, həmin il Riqa şəhərində keçirilən ümumittifaq olimpiadasında 3-cü yeri tutmuşdur. O, 1980-ci ilin yekunlarına görə Moskvada nəşr olunan “Kvant” jurnalının qaliblərindən biri olmuşdur. Təhsildəki yüksək nailiyyətlərinə görə Ümumittifaq Gənclər Təşkilatının Medalı ilə təltif olunmuşdur.
     Ə.B.Sadıqov ana dilindən başqa rus, ingilis və ukrain dillərini bilir. 
     Evlidir. 1 qızı və 2 oğlu var.

Keçidlər