Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə Lerik Rayon İcra Hakimiyyətində bir qrup əlillə görüş keçirildi

02 dekabr 2016 | 16:00

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə 2016-cı il dekabrın 2-də Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rayon ərazisində yaşayan bir qrup əlillə görüşdü. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov  Beynəlxalq Əlillər Günü münasibəti ilə görüş iştirakçılarını təbrik edərək bildirdi ki, BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-nün Beynəlxalq Əlillər Günü kimi qeyd olunması qərara alınmışdır. Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, eləcə də şəhid ailələrinə diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin məbləğləri mütəmadi olaraq artırılır, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Son illər bu sahədə rayonda da bir sıra işlər həyata keçirilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzilli olmaqla iki yaşayış binası tikilmiş, həmçinin fərdi yaşayış evləri inşa olunmuş, eyni zamanda onlara minik avtomobilləri verilmişdir. Cənab Prezidentin tapşırığına əsasən rayonda əlillər üçün hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir. Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri, Böyük Vətən müharibəsi əlilləri, habelə digər kateqoriyadan olan əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
      Daha sonra bu ilin aprel ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan danışan rayon icra hakimiyyətinin başçısı həmin günlərdə müharibə əlillərinin hər an döyüşə hazır olmaları haqqında müraciətlərini yüksək qiymətləndirdi, işğal altında olan torpaqlarımızın Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tezliklə azad ediləcəyinə əmin olduğunu bildirdi.
      Görüşdə Qarabağ müharibəsi əlillərindən Bəhlul Rəhimov, Arzuman Nəhmətov, Şahin Əhmədov, Zeynal Aslanov, Cəlal Məmiyev və digərləri çıxış edərək onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini, bunun sayəsində bir çox məsələlərin həll edildiyini, bütün bunlara görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, həmçinin qarşılaşdıqları bir sıra sosial problemlərinin həlli istiqamətində təkliflər səsləndirdilər.
      Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov çıxış edərək rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə hər il Beynəlxalq Əlillər Günündə əlillərlə görüş keçirilməsini yüksək qiymətləndirdiklərini, qaldırılan məsələlərin bundan sonra da həll ediləcəyinə əmin olduqlarını ifadə etdi.
      Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov görüş iştirakçılarının irəli sürdükləri məsələlərin tezliklə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlarını verdi.
      Tədbir çay süfrəsi ətrafında davam etdirildi.

Keçidlər