Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunun təhsil işçilərinin 2015/2016-cı tədris ilinin yekunlarına və növbəti tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirildi

07 sentyabr 2016 | 16:00

2016-cı il sentyabrın 7-də Lerik rayonunun təhsil işçilərinin 2015/2016-cı tədris ilinin yekunlarına və növbəti tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirildi.
Rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov 2015/2016-cı tədris ilinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, ötən tədris ilində rayonun 106 ümumi təhsil müəssisəsində 7505 nəfər şagird təhsil almış, onların təlim-tərbiyəsi ilə 1263 müəllim məşğul olmuşdur. Diqqətə çatdırdı ki, cari ildə rayonun ümumi təhsil müəssisələri üzrə 459 nəfər 11-ci sinfi, 639 nəfər 9-cu sinfi bitirmişdir. Rayon üzrə məzunlardan bu il 118 nəfər ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Onların 13 nəfəri 500-dən yuxarı, 1 nəfəri 670 bal toplamışdır. Rayon üzrə 98 nəfər ümumi orta və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuşdur. Qeyd olundu ki, ötən tədris ilində rayon məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir sıra nailiyyətlər qazanmışdır.
      Hesabat məruzəsində həmçinin təhsil müəssisələrində növbəti tədris ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edildi, qarşıda duran vəzifələr diqqətə çatdırıldı.
      Məruzə ətrafında Züvüc kənd tam orta məktəbinin direktoru Sahil Ağayev, Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın direktor müavini Arzuman Zeynalov, Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Əsədov, Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəbi Mirzəyev ötən tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdülər, rayonun təhsil işçilərinə yeni dərs ilində daha yüksək nailiyyətlər arzuladılar.
      Lerik şəhər 3 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Rusif Nəzərli, həmin məktəbin məzunu İlahə Rəcəbzadə çıxış edərək qazandıqları uğurlarda təhsil aldığı məktəbin və onun kollektivinin rolunun böyük olduğunu vurğulayaraq buna görə müəllimlərinə təşəkkürlərini bildirdilər, ali məktəbdə təhsil aldıqları dövrdə rayonumuzun adını daim ucaldacaqlarını qeyd etdilər.
      Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov təhsil işçilərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi, rayonda təhsilalanlar və təhsilverənlər üçün yaradılmış şəraitdən söz açdı, bir sıra yeni məktəb binalarının tikilərək müasir inventar və avadanlıqlarla təchiz olunduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsilə göstərilən qayğı təhsil işçiləri tərəfindən daha həssaslıqla qiymətləndirilməli və onlara göstərilən etimad layiqincə doğruldulmalıdır.
      Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun şöbə müdiri Pirəli Əliyev konfransda çıxış edərək təhsil sahəsində aparılan islahatlardan söz açdı, məruzə və çıxışlarda səsləndirilən təkliflərə münasibətini bildirərək qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verdi.
      Daha sonra konfransın qətnaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Sonda tədrisdə fərqlənən bir qrup təhsil işçisinə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları, ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr və mükafatlar təqdim olundu.
      Konfrans işini bölmə iclasları ilə davam etdirdi.

Keçidlər